Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir. Nazir səfər çərçivəsində Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.
Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahə ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edən nazir bu istiqamətdə birgə əməkdaşlığın bundan sonra daha sıx şəkildə davam etdiriləcəyini vurğulayıb.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Türkiyənin kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi istiqamətində böyük təcrübəyə malik olduğunu, bu istiqamətdə təcrübəsini qardaş Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Görüşün sonunda tərəflər “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyannaməsi imzalayıblar. Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Nazir Məcnun Məmmədov səfər çərçivəsində Ankarada Ümummilli Liderin 100 illiyi münasibətilə Heydər Əliyev Parkında keçirilən ağacəkmə kampaniyasında da iştirak edib.
Qeyd edək ki, səfər davam edir. Azərbaycanla Türkiyə kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi sahəsində əməkdaşlıq edəcək.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.