Prezident İlham Əliyevin Sərəncamı ilə cari ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin ayrı-ayrı sahələr üzrə təhlilinə geniş imkanlar yaradır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan özündə bütün məqamları ehtiva edir. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü və gələcəyi üçün çalışıb. Hər bir sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlıdır.
Bu gün dahi şəxsiyyətin iqtisadiyyatın mühüm istiqamətlərindən olan kənd təsərrüfatının inkişafı istiqamətində atdığı addımlardan, irəli sürdüyü təşəbbüslərdən, qəbul etdiyi qərarlardan bəhs edirik. Ümummilli Liderin hər bir sahə üzrə gördüyü işlərin miqyası o qədər böyükdür ki, onları bir yazıda əhatə etmək mümkün deyil. Onun zəngin dövlətçilik təcrübəsi atdığı addımların, qəbul etdiyi qərarların davamlılığında öz sözünü deyib.
Bu məqamı xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan bütün sahələrdə tənəzzül dövrünü yaşayırdı. O, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının icrasının vacibliyini önə çəkdi və bu istiqamətdə mühüm addımlar atmağa başladı. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Böyük siyasətçi iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahələrində Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə qərarların qəbul edilməsinə nail oldu, sonra bütün xalqımızı həmin qərarların icrasına səfərbər etdi, dogma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan mübarizə apardı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan bir ölkəyə çevirmək dahi şəxsiyyətin əsas məqsədləri sırasında idi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxdı. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə, o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərarlar kənd təsərrüfatı sahələrinin inkişafına geniş imkanlar açdı. Bu sırada üzümçülüyü və şərabçılığı xüsusi qeyd etmək istərdik.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı uğurlarından bəhs edərkən hər zaman bu fikri böyük əminliklə və fəxr hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycanı ən qabaqcıl ölkələr sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin müstəqilliyinin xilaskarı oldu. Hər iki dövr dahi şəxsiyyətin xilaskarlıq missiyasının aydın mənzərəsini yaradır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatı sahəsinin prioritetliyi atılan addımlarda öz əksini tapdı. Belə ki, azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Ümummilli Lider bu islahatların tədricən həyata keçirildiyini önə çəkərək bildirmişdir ki, “Bəli, aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, çox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda müxtəlif mülkiyyət formaları mövcuddur, bu proses davam etməlidir.” Ulu Öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə bütün sahələrdə yaratdığı möhkəm təməl bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, Azərbaycanın hər bir sahədə təcrübəsinin nümunə olmasını ilk gündən qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırışı ilə dünyanın diqqətində oldu. Belə ki, ölkəmizin iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq maliyyə qurumlarının hesabatlarında təqdir edilir, Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ərzaq təhlükəsizliyinin təminatı əsas hədəflərimizdəndir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyən edilməsi bu istiqamətdə işlərin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoydu. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur yaradılıb. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Rayonlar üzrə ixtisaslaşma qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır.
Qürurvericidir ki, bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadənin ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edirik. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün aparılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi deyilənlərə bariz nümunədir. Azad edilimiş torpaqlarımızda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur.
Azərbaycanın hər bir sahədə uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev yolu bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq.
Nilufər Mustafaqızı,
“Agro TV Azerbaijan” yayım direktoru, “Agro jurnal”ın baş redaktoru
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.